Larinin ucuzlaşması manata təsir etməyəcək - TƏHLİL

12:21 29.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ötən həftə valyuta məzənnəsində kəskin dəyişikliklərlə yadda qaldı. Belə ki, Azərbaycan milli valyutasının sabit qalmasını müşahidə etdiksə, Gürcüstanın milli valyutası ABŞ dolları qarşısında rekord həddə ucuzlaşdı. Gürcüstan Mərkəzi Bankının müəyyənləşdirdiyi rəsmi məzənnəyə əsasən, 1 dollar 2,93 lariyə bərabər olub. Ötən gün isə 1 dolların alışı 2,9171 lari məzənnəsi ilə həyata keçirilib.

Lari avro qarşısında da ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən 1 avronun alış qiyməti 3,2637 lari olaraq müəyyənləşib. Ötən gün avronun lariyə qarşı məzənnəsi isə 3,2496 lari təşkil edib.

Belə bir ərəfədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib ki, bu günə Azərbaycan Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var: “Əgər həmin vəsait bazara çıxsaydı, manatın məzənnəsi xeyli möhkəmlənərdi. Hazırda manat revalvasiya təhlükəsi ilə üzbəüzdür. Amma biz manatın bahalaşmasını istəmirik. Bunun təkcə müsbət deyil, həm də mənfi tərəfləri var. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 9,4% artaraq 49 mlrd. dollara çatıb. Cari ilin əvvəlindən ölkənin valyuta ehtiyatları 4,2 mlrd. dollar artıb”.

Qonşu ölkənin valyutasının dollar qarşısında ucuzlaşmasının Azərbaycan üçün təsiri nə dərəcədə olacaq? Azərbaycan manatı öz sabitliyini qoruyub saxlaya biləcəkmi?

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Gürcüstanda larinin ucuzlaşması iqtisadi problemlərdən daha çox, siyasi problemlərdən qaynaqlanıb. Ekspertin sözlərinə görə, Gürcüstanın iqtisadiyyatı elə model üzərində inkişaf etdi ki, son on ildə aldığı məhsulla, satdığı məhsul arasında 4 milyardlıq kəsir yaranırdı: “Gürcüstan ixracatı 2 milyardan bir qədər çoxdur. İdxalı isə 7 milyarda yaxındır. Bu kəsirin ödənilməsində ən vacib rolu turizm sektoru oynayır. Ölkəyə öz əhali sayından artıq turist gəlir. Turistlərin Gürcüstanda xərclədiyi valyuta bu ticarət kəsirini bağlamağa kifayət edəcək qədər idi. Turizm sektoru bir neçə ildir ki, larini sabit saxlamağa imkan verirdi. Son zamanlar Rusiya ilə vəziyyətin kəskinləşməsi hər iki sahədə ciddi problemlər yaratdı. Belə ki, həm Rusiyadan gələn turistlərin sayında azalmalar müşahidə olunur. İyulun 18-dən isə hava reysləri Rusiya tərəfindən ləğv edilib. Bu da Gürcüstana gələr rus turistlərin sayının kəskin azalması ilə müşahidə olunub. Son məlumatlara görə, keçən ilin iyul ayı ilə, bu ilin iyul ayının müqayisəsində məlum olub ki, Rusiyadan gələn turistlərin sayında kəskin aşağı düşmə var. Rusiyadan 1,2 milyon turist gəlirdi. Bu rus turistlərin Gürcüstanda xərclədiyi məbləğ 1 milyarda dollara bərabər idi. Daxil olan valyutanın bazardan çəkilməsi larinin ucuzlaşmasına səbəb oldu. Gürcüstanda istehsal olunan sipirtli və sipirtsiz içkilərin ixracı Rusiya istiqamətində idi. Gürcü larisinin dəyərdən düşməsi Gürcüstan iqtisadiyyatına mənfi təsir edir, infiliyasiyanı artırır. Maraqlı cəhət odur ki, bu  ixracatçıların, turizimçilərin xeyrinə olur. Turizmlə məşğul olan, otellərini xarici valyuta ilə satan şirkətlər gəlir götürür. İxracatçılar da xarici valyutanı lariyə çevirəndə daha çox mənfəət götürürlər”.

Ekspert Gürcüstan milli valyutasının ABŞ dolları, eləcə də  avro qarşısında da ucuzlaşmasının Azərbaycan üçün hansı təsirləri olacağına da münasibət bildirdi:

“Azərbaycan manatına təsirə gəldikdə isə, larinin ucuzlaşmasının manata birbaşa təsiri yoxdur.  Azərbaycan valyuta məzənnələri dövlət tərəfindən tənzimlənir. Bunun dolayı təsirləri olacaq. Yəni, lari ucuzlaşdıqca, Gürcüstandan Azərbaycana ixrac artır. Daha çox məhsulları ucuz qiymətə ölkəyə gətirmək olacaq”.

Ötən həftə Mərkəzi bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə gəlincə isə iqtisadçı dedi ki, Azərbaycan hökuməti də, Mərkəzi Bank da manatın bahalaşmasını istəmir:

”Əslində Elman Rüstəmovun açıqlamasında belə bir məqam diqqətimi çəkdi. Mərkəzi Bankın rəhbəri demək istəyirdi ki, manat bahalaşa bilər. Ölkəyə gələn valyutanın həcmi artıb, neft bahalaşıb. Belə bir təhlükə olsa da, manatın xarici valyuta qarşısında 1,70-dən aşağı düşməsini istəmir.  Bu da anlaşılan məsələdir. Manatın yeni mərhələlərdə dəyər qazanmasını gözləmirəm. O zaman dəyər qazana bilər ki, geosiyasi gərginlik artsın, neftin qiyməti 100 dolları da keçsin, o zaman dəyər qazanması gözləniləndir. İndiki şəraitdə manatın dəyər qazanması ehtimalı sıfıra bərabərdir. Gələcəkdə, İranla, Liviya ilə məsələlər həll olunarsa bazara daha çox neft çıxmağa başlayacaq. Bu zaman neftin qiyməti bu ilin sonu, gələn ilin əvvəli aşağı düşməsi ehtimalı yaranacaq. Azərbaycan manatına basqılar daha da artmağa başlayacaq. Azərbaycan manatının bu basqılara davam gətirib gətirməyəcəyi Mərkəzi Bankın və dövlətin birgə atacağı addımdan asılı olacaq”.

Keçmiş maliyyə naziri, professor Fikrət Yusifov isə məsələyə belə münasibət bildirdi:

"Bir il ərzində Gürcü larisinin məzənnəsində 19%-ə qədər ucuzlaşma qeydə alınıb. Son bir ayda isə lari 3,2%-ə yaxın ucuzlaşıb. Qonşu ölkənin milli valyutasının ucuzlaşmasının əsas səbəblərindən biri Gürcüstanla Rusiya arasındakı münasibətlərin gərginləşməsidır. İki ölkə arasında yaşanan son olaylardan sonra Rusiyadan Gürcüstana gələn turistlərin sayı kəskin azaldı. Digər tərəfdən Rusiyanın tətbiq etdiyi iqtisadi sanksiyalar öz işini görməyə başlayıb. Bizdə olduğu kimi Gürcüstanda da ixrac məhsullarının ən münbit və ənənəvi bazarı Rusiyadır. Əgər Rusiya gürcü mallarının girişinə qadağa qoyursa, deməli Gürcüstanın valyuta gəlirləri azalalır. Bu səbəbdən də qonşu ölkənin milli valyutası ucuzlaşır. Ancaq mən buna ciddi ucuzlaşma deməzdim. 2015-ci ildə bizdə bir il ərzində manat öz dəyərini 2,2 dəfəyə qədər itirdi. Elə Rusiyanın özündə rubl kəskin dəyər itirdi. Son illərdə Türkiyə, Qazaxstan, İran milli valyutaları əsaslı dəyər itirdilər. Bir daha bildirirəm ki, Gürcüstanda larinin belə ucuzlaşması elə də ciddi bir narahatçılıq yaratmamalıdır. Bunun bəlli səbəbləri var və Gürcü hökuməti yəqin ki, vəziyyəti tənzimləmək üçün adekvat addımlar atacaq. Larinin ucuzlaşması Azərbaycanla əlaqələrə həm müsbət və həm də mənfi təsir göstərir. Ucuz lari ilə bizim iş adamlarımız daha çox Gürcüstan yerli mallarını alıb ölkəmizə gətirərək artıq qazanc əldə edirlər. Bunun əksinə - lari ucuz olması səbəbindən bizim məhsulların Gürcüstana ixracından daha az valyuta əldə edirik ki, bu da valyuta gəlirlərimizin azalması deməkdir".